“Magistr dissertasiyalarının hazırlanması qaydaları” mövzusunda təlim keçirilmişdir
15 may 2025-ci il tarixdə Azərbaycan dili kafedrası tərəfindən universitetdə təhsil alan I kurs magistrantlar üçün “Magistr dissertasiyalarının hazırlanması qaydaları” mövzusunda təlim keçirilmişdir.
Azərbaycan dili kafedrasının dosenti Yadigar Əliyev çıxış edərək magistr dissertasiyalarının quruluşu, struktur bölmələri haqqında məlumat vermiş, mövzunun aktuallığının əsaslandırılması, tədqiqatın məqsəd və vəzifələrinin müəyyən edilməsi, onun nəzəri-metodoloji əsaslarının, orijinal elmi nailiyyət və dissertasiyanın praktik tətbiq dəyərlərini ifadə edən elmi yeniliyinin işlənilməsi, işin nəzəri və praktiki əhəmiyyətinin müəyyənləşdirilməsi məsələləri, tədqiqatın obyekt və predmeti anlayışları ətraflı şəkildə izah etmiş, dissertasiyanın fəsil və paraqraflarında əksini tapmalı olan problem və nəzəri müddəalar haqqında söhbət açmışdır.
Dissertasiyanın yerinə yetirilməsi və tərtibi qaydaları ilə əlaqədar suallar cavablandırılmış, təklif və mülahizələr dinlənilmişdir.
Təlimdə Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev, Magistratura şöbəsinin müdiri Emin Yaqubov çıxış edərək tələbələrə uğurlar arzulayıblar.