15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində (GDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qurtuluş  Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.  Rektor bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.  Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi və demokratik institutların formalaşdırılması ölkənin gələcək inkişafının hüquqi əsaslarını yaratdı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinin dayandırılması məqsədilə 1994-cü ildə atəşkəs əldə olundu. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişi ölkənin iqtisadi müstəqilliyini gücləndirdi, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı. Rektor onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir.

Təbdirdə Ümumi tarix kafedrasının dosenti Nərgiz Rəsulovanın “Separatçı qüvvələrin Azərbaycanı parçalamaq planlarına qarşı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq faktoru”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Güləbatın Hümbətovanın “Qurtuluş missiyasından Zəfər salnaməsinə şanlı yol”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “15 İyun Azərbaycanın dövlətçilik tarixinin zirvəsi” və Azərbaycan dili kafedrasının müəllim Ruhanə Xambatovanın  “15 İyun – Tariximizin dönüş anı”  mövzularında məruzələri dinlənilib. 

Çıxışlarda bildirilib ki, Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və tarixi Zəfərinin təməlində dayanan hadisə kimi xalqımızın yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, regionun aparıcı güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti