Magistratura səviyyəsi üzrə qəbul planının yekun redaksiyada təsdiqi ilə bağlı iclas keçirilmişdir

05 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ili üçün Magistratura səviyyəsi üzrə qəbul planının yekun redaksiyada təsdiqi ilə bağlı iclas keçirilmişdir. İclasda Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün yaradılmış işçi qrupun sədri, dos.E.Yaqubov, Tədris Departamentinin direktoru dos.E.Yusifov, Ekologiya kafedrasının müdiri prof.S.Əhmədova, İqtisadiyyat kafedrasının müdiri dos.Z.Əhmədov, Menecment və turizm işi kafedrasının müdiri dos.İ.Cabbarov, Sosial fənnlər kafedrasının müdiri dos.C.Bağırzadə, eləcə də online formada digər kafedra müdirləri iştirak etmişlər.

İclasda müzakirə olunan əsas məsələ Magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni tərtib edilmiş siyahısı əsasında qəbul planının yeni layihəsinin hazırlanması olmuşdur.

İşçi qrupun sədri dos.E.Yaqubov çıxış edərək bildirmişdir ki, ali təhsil pilləsinin səviyyələri üzrə ixtisasların təhsil proqramlarının hazırlanması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış işçi qrupları magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni siyahısını müəyyən etmişdir. Hazırki durumda daha əvvəl tərtib olunmuş qəbul planına təkrar baxış keçirərək ixtisaslaşmaların adlarında yeni təsnifata uyğun dəyişikliklərin edilməsinə göstəriş verilmişdir.

Tədris Departamentinin direktoru dos.E.Yusifov iclas iştirakçılarının nəzərinə çatdırmışdır ki, planda yalnız son üç tədris ilində ardıcıl olaraq tələbə qəbulu həyata keçirilmiş ixtisaslar göstərilə bilər. İxtisaslaşmanın adı redaktə edilibsə varislik gözlənilməklə yeni redaksiyaya uyğun qəbulun aparılması mümkündür. O, həmçinin qeyd etmişdir yeni ixtisas və ixtisaslaşmalar üzrə qəbul yalnız 2026/2027-ci tədris ili üçün planlaşdırıla bilər.

İclasda iştirak edən kafedra müdirləri adlarında dəyişiklik olmuş ixtisasların digər uyğun ixtisaslar ilə əvəz olunmasına dair təkliflərini səsləndirmişlər. Təkliflər müzakirə olunmuş, məqbul hesab edilənlər yenidən tərtib olunan planında öz əksini tapmışdır.