MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ KONFRANS
13 iyun 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının iclas zalında “15 iyun-Milli Qurtuluş günü”nə həsr edilmiş konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Yusif Yusibov açaraq bildirdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq siyasəti ölkədaxili çəkişmələri respublikada vəziyyəti gərginləşdirmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük insan, siyasətçi Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. İyun ayının 15-də Ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir. Bu gün firavan həyatımızın təməli məhz görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Humanitar məsəslələr üzrə prorektor dosent Gülsüm Fətəliyeva “15 iyun-Azərbaycanın daxili dağıntılardan qurtulduğu bir gündür” , Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev “Heydər Əliyev-Xalqın xilaskarı” , GDU-nun YAP təşkilatının sədri dosent Cavid Bağırzadə “Milli Qurtuluşun tarixi əhəmiyyəti” , Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “15 iyun-Milli Qurtuluş günü çağdaş tariximizdə yeni mərhələdir” , Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Qurtuluş günü-Azərbaycanın müstəqilliyinin təminatçısıdır” , Tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Çinarə Hümbətova “15 iyun-Milli Qurtuluş günü” , Filologiya fakültəsinin II kurs tələbəsi Şəhla Qəribova “15 iyun-Azərbaycan Xalqının Milli Qurtuluş günüdür” adlı məruzələrində, Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov, Coğrafiya kafedrasının baş müəllimi Saidə Quliyeva öz çıxışlarında bir daha qeyd etdilər ki, Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyaya, eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.