“Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar keçirilib

Dahi Azərbaycan bəstakarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı olaraq  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin dəstəyi ilə  “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, dosent Asif Cavadov seminar iştirakçılarını salamlayaraq mövzunun bu günümüz üçün aktual olduğunu bildirdi. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin  direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov çıxışında qeyd edib ki,   seminarın keçirilməsində əsas məqsəd milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini gənc nəslə çatdırmaqdır.

   Elmi-praktiki seminarda  GDU-nun Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva “Nizami və musiqi”, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi, əməkdar artist,  İlham Nəzərov “Kontratenor səsinin xüsusiyyətləri və onun Azərbaycan musiqisində tətbiqi”, GDU-nun “Musiqi fənləri” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Rüstəmova  “Məhsəti Gəncəvi poeziyasında Azərbaycan musiqi mədəniyyəti”,  dosent Aytən Babayeva “Azərbaycan xor musiqisində Muğamdan istifadə məsələləri”,  GDU-nun Musiqi fənləri kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nüşabə Seyfullayeva “Bəstəkar Telman Hacıyevin yaradıcılığı milli ənənələr kontekstində”,  MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə “Azərbaycan xor musiqisində Muğamdan istifadə məsələləri” mövzularında çıxışlar ediblər.

Elmi-praktiki seminar çıxışlar əsnasında Gəncə Dövlət Universitetinin  müəllim və tələbələrinin ifasında musiqi əsərləri səsləndirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti