Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir
Gəncə Dövlət Universitetində “28 May – Müstəqillik günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Müstəqillik Gününə həsr edilən videoçarx nümayiş olunub.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Müstəqil Azərbaycan Ulu Öndərin yolu ilə irəliləyir” mövzusunda çıxış edib. Prorektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin şanlı səhifələrindən biridir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq, eləcə də digər sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsi olub. Gülsüm Fətəliyeva onu da diqqətə çatdırdı ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra 1991-1993-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qalmışdıq. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu uğurlu siyasət Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir
Tədbirdə rektorun baş müşaviri, dosent Asif Cavadov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə də, həmin süqutdan 71 il sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq.
Tədbirdə GDU-nun AHİK İdarə Heyətinin sədri Afaq Qasımova çıxışında ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışıb. Afaq Qasımova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyəti qurucularına yüksək önəm verib, tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasına, ənənələrin qorunub saxlanılmasına və daha çox inkişaf etdirilməsinə böyük səy göstərib. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir və qurucusunun adını əbədi yaşadır.Tədbirdə Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev “Heydər Əliyev – Azərbaycanın müstəqillik məfkurəsi”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Müstəqillik ən böyük sərvətimizdir”, Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadə “Müstəqil dövlətin gələcəyini müəyyənləşdirmiş tarixi mərhələ”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Sevda Məmmədova “Ömrü qısa, tarixi böyük olan Azərbaycan Xalq Cümhuriyyəti” , Fizika və texniki fənlər fakültəsinin 1-ci kurs tələbəsi Ülviyyə Məmmədli “Milli kimliyimizin təməli” mövzuları ətrafında çıxışlar ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti