Nizami Gəncəvi və Yunus Emreyə həsr olunmuş onlayn konfrans keçirilmişdir

Gəncə Dövlət Universiteti bir çox xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı gündən-günə genişləndirir. Bu əməkdaşlıqda qardaş Türkiyənin ali təhsil müəssisələri xüsusi yer tutur. Belə təhsil ocaqlarından biri də İstanbul Universitetidir. İyunun 29-da hər iki universitetin birgə təşkil etdikləri “Nizami Gəncəvi və Yunus Emre” adlı elmi-praktik konfransında maraqlı fikirlər səsləndirilmişdir.

            Onlayn şəkildə keçirilən konfransı giriş sözü ilə İstanbul Universitetinin professoru İlyas Topsakal açaraq iki ali təhsil müəssisəsi arasında həyata keçirilən əməkdaşlığın verdiyi bəhrələrdən danışmış, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, eləcə da Türk xalqının görkəmli nümayəndəsi Yunus Emrenin yaradıcılıqlarına nəzər salmış və Türk dünyasının iki böyük oğlunun dünya ədəbiyyatı xəzinəsinə verdiyi töhfələrdən danışmışdır.

            Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov keçirilən bu konfransın əhəmiyyətindən danışmış, Nizami Gəncəvinin və Yunus Emrenin iki qardaş ölkənin bədii söz yaradıcılığında tutduğu mövqedən və hər iki söz ustadının yaradıcılığından söhbət açmışdır.

            İstanbul Universitetinin rektoru professor, doktor Mahmut AK, Gəncə Dövlət Universitetinin prorektoru, Millət Vəkili Pərvin Kərimzadə, Millət Vəkili Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk çıxış edərək Nizami Gəncəvi və Yunus Emre yaradıcılığının əhəmiyyətindən söhbət açmış və konfransın işinə uğurlar arzulamışlar.

            Sonra Gəncə Dövlət Universitetinin professoru, Nizamişünas alim Xəlil Yusiflinin “Nizami Gəncəvi və folklor”, İstanbul Universitetinin professoru , doktor Hayati Develinin “ Ortaq dil-ortaq ruh:Yunus Emre”, Gəncə Dövlət Universitetiin professoru Sevda Qurbanəliyevanın “ Nizami Gəncəvinin musiqi dünyası”, İstanbul Universitetinin professoru, doktor Mücahit Kaçarın “Türkiyədə Nizami Gəncəvi haqqında yazılmış akademik çalışmalara baxış” mövzularında məruzələrlə çıxış etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti