Novruz bayramı GDU-nun fakültələrində böyük coşqu ilə qeyd edilib
Gəncə Dövlət Universitetinin İqtisadiyyat-idarəetmə, Pedaqoji, Fizika və texniki fənlər, Riyaziyyat-İnfarmatika, Tarix-coğrafiya, Xarici dillər fakültələrində elimizin gözəl bayramı olan Novruz bayramına həsr olunan tədbirlər keçirilib.
Universitetin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Novruzun qədim ənənələrindən, bayramın bu gün bütün rəngarəngliyi ilə qorunub saxlanılmasından danışıb. Bununla da Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirib. Prorektor onu da nəzərə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi haqqında göstəriş verib və bu da tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu bir daha sübüt edib.
Tədbirlərdə fakültə dekanları, professor-müəllim heyəti və tələbələr də çıxış edərək bildiriblər ki, artıq xalqımız Novruz bayramını iki qat sevinc hissi ilə qeyd edir və doğma Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərimizi böyük ehtiramla yad edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bu möhtəşəm zəfəri onlara yaşatdıqlarına görə möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarını sipər edərək düşməni Azərbaycan torpaqlarından qovub çıxaran qəhrəman Ordumuza hədsiz minnətdardır. Artıq Qarabağımız Novruz bayramını milli musiqimizin xoş sədaları, doğma övladların sevinc və qüruru ilə qarşılayır. Yandırılan bayram tonqalları isə Qələbəmizin rəmzinə çevrilib.
Tədbirlərin bədii hissələrində tələbələr yazın, baharın gəlişinə aid şeirlər və mahnılar səsləndiriblər. Xalq oyunları, milli rəqslər və musiqilər bayram tədbirlərini daha da maraqlı edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti