Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi.
II Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanılıb. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.
Artıq keçmiş məcburi köçkünlər Ağdama dönüşü başlayıb. Xıdırlı, Sarıcalı, Kəngərli kəndləri öz sakinlərini qoynuna alıb. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulan müasir şəhər illərdən bəri doğma yurda qayıtmaq arzusu ilə yaşayan sakinlərə öz qapısını açıb. Rayonda gedən tikinti-quruculuq işləri isə getdikcə yeni vüsət alır – sosial obyektlər, binalar və mənzillər tikilir, abad küçə və prospektlər salınır. Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış Ağdamda sıralanan evlərin ağ damları onun yenə də abad, müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


