OLİMPİADADA ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İŞTİRAK ETMİŞLƏR
01.04.2017-ci il tarixdə Gəncə Dövlət Universiteti Təcrübə və karyera şöbəsinin dəstəyi, Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan tarixi fənni üzrə olimpiada keçirilmişdir.
Maraqlı cəhət odur ki, bu olimpiadada orta məktəb şagirdlərinin iştirakı nəzərdə tutulmuşdur. Məqsəd orta məktəblə universitetin əlaqələrini, onların universitetlə tanışlığını və məlumatlarını genişləndirmək, təhsilə maraqlarını artırmaqdır.
Olimpiadanın təşkili üçün rektor professor Yusif Yusibovun birbaşa göstərişi ilə Biologiya-kimya fakültəsində Təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov və ixtisasçı müəllimlərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün komitə tərəfindən yüksək səviyyədə şərait yaradılmışdır.
Olimpiadada Gəncə şəhərinin 4, 6, 25, 26, 27, 28, 39, 44 və 20 saylı məktəblərindən 100 nəfər 9, 10, 11-ci sinif şagirdləri iştirak etmişlər. Onlar universitet tərəfindən göstərilən qayğıdan, olimpiadaya yaradılan şəraitdən və öz biliklərini nümayiş etdirmək üçün müşahidə etdikləri şəffaflıqdan razı qalmışlar. Bildirmişlər ki, onlarda belə bir universitetdə təhsil almaq həvəsi yaranmışdır.
Yaxın günlərdə olimpiadanın nəticələri elan olunacaq, qaliblər həvəsləndirici mükafatlara layiq görüləcəklər.