ORTA MƏKTƏBLƏRDƏ USTAD DƏRSLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun tapşırığına əsasən Gəncə şəhər orta ümumtəhsil məktəblərində universitetin professor və müəllim heyətinin nümunəvi  açıq dərsləri uğurla davam etdirilir.

Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbdə universitetin Xarici dillər fakültəsinin Leksika və ölkəşünaslıq kafedrasının dosenti, respublikanın əməkdar müəllimi Allahverdi Həmidovun “İngilis dilinin tarixi və müasir dövrümüzdə onun rolu və əhəmiyyəti” mövzusunda nümunəvi dərsi təşkil olunub.

Açıq dəsrdə Gəncə şəhər Təhsil idarəsinin əməkdaşları, 43 saylı orta məktəbin ingilis dili müəllimləri və yuxarı sinif şagirdləri, eyni zamanda universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Samirə Qasımova və kafedranın bir qrup professor-müəllim heyəti  iştirak edib.

Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, keçirilən bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin təbiətini, tarixini və mədəniyyətini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.

Bu il 80 illik yubileyini qeyd edən Gəncə Dövlət Universitetinin elm – təhsil sahəsindəki nailiyyətlərindən danışan Cabbar Qarayev qeyd edib ki, hazırda Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan  universitet yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb. Respublikamızın ali təhsil müəssisələri içərisində özünün reytinqini ildən-ilə yüksəldən Gəncə Dövlət Universitetini yüksək balla seçən tələbələrin sayı da bu uğurlu göstəriciyə uyğun olaraq hər il artır.

Cabbar Qarayev universitetdə tələbələrə yaradılan şəraitdən və bu ali təhsil müəssisində təhsil almağın üstünlüklərini izah edib.

Dosent Allahverdi Həmidov mövzu ilə əlaqədar olaraq tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, ingilis dili dünyəvi hakim dildir, elmin müxtəlif sahələrində bu dildən geniş istifadə olunur. Aparılan elmi-tədqiqat işləri, kəşflər ingilis dilində yerinə yetirilir. XX əsrin ən inkişaf eləmiş dili ingilis dilidir. İnkişaf etmiş ölkələrin vətəndaşları elmin son nailiyyətləri ilə yaxından tanış olmaq üçün ingilis dilini mükəmməl bilməli və onu öyrənməlidirlər.

Şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.

Sonda xatirə şəkili çəkilib.