PREZİDENT İLHAM ƏLİYEV XALQIN ETİMADINI QAZANAN LİDERDİR
Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin 20 ilə yaxın bir dövrü Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. 2013-cü ildə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə malik olan dövlət başçısı Cənab İlham Əliyev beynəlxalq aləmdə müasir və praqmatik siyasətçi kimi tanınır. Onun rəhbərliyi ilə həyatın bütün sahələrində böyük uğurlara imza atan, dinamik inkişaf edən Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.
Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamışdır. Partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir.
İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir.
Ölkə başçısı Cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.
Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Azərbaycan İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.
Azərbaycan hökuməti 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv olub. Azərbaycanın üzvlüyü ölkənin xarici siyasətinin uğuru və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini gücləndirən mühüm addımdır. Azərbaycanın üzvlüyü xüsusilə enerji sahəsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz artıq regionda və beynəlxalq miqyasda mühüm enerji iştirakçısıdır. D-8 ölkələri arasında alternativ və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndiyi bir vaxtda Azərbaycan bu sahədəki təcrübəsi və enerji infrastrukturundakı gücü ilə bu təşəbbüslərə əhəmiyyətli töhfələr verə bilər.
Ölkəmiz uzun illərdir ki, öz inkişaf dinamikasını qoruyub saxlayır, xarici sərmayədarlar üçün etibarlı tərəfdaş rolunda çıxış edir. Bu uğurların kökündə Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Məhz 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” dünyanın nüfuzlu xarici şirkətlərini Azərbaycana topladı və uğurlu işbirliyinin əsasını qoydu. Elə o vaxtdan başlayaraq dünya birliyi ölkəmizin investisiya yatırmaq üçün əlverişli məkan olduğunu gördü. Zaman keçdikcə bu işbirliyi daha da möhkəmləndi, regiona və dünyaya sülh və təhlükəsizlik, ən əsası inkişaf və böyük gəlirlər vəd edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələr işə düşdü. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində xarici sərmayədarların ölkəmizə olan inam və etibarı daha da artıb, mövcud əməkdaşlıq şaxələndirilib. 2014-cü ildə təməli qoyulan, 2018-ci ildə möhtəşəm açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi meqalayihəsi bunun əyani sübutudur. “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, Avropaya idxal olunan qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsini asanlaşdırmaq məqsədi daşıyan nəhəng beynəlxalq layihədir. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumlarının aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub.
Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız Azərbaycan tarixinin ən qüdrətli və parlaq dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Müzəffər Ali Baş Komandanın təşəbbüsü əsasında Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub.
“Mən hər zaman qazilərin yanında olacağam” – Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstəriləcəyini hər zaman vurğulayır. Ölkəmizdə bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək edilmiş ödənişlərin məbləği 79 milyondan artıq manat təşkil edir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin sabitliyi, nüfuzu və dayanıqlılığı, ilk növbədə, onların hüquqi əsaslarının möhkəmliyindən və suverenlik anlayışının qorunmasından asılıdır. Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın – Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir. Bu qərarlar yalnız hüquqi-siyasi məzmun daşımır, eyni zamanda, xalqın tarixi yaddaşını gücləndirən, milli dövlətçilik fəlsəfəsini möhkəmləndirən və gələcək nəsillərə ünvanlanan rəmzi hadisələrdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


