Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat bir daha “Qarabağ Azərbaycandır!” mesajını verdi
Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisə oldu. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.
Məlum olduğu kimi Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmiş, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.
Qeyd edək ki, şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. İnşaat işlərində, yol çəkilişində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur. 84 körpü tikiləcək ki, onların bir qismi artıq inşa edilmişdir. Körpülərin ümumi uzunluğu isə 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.
Məlum olduğu kimi işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etmişdi. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin çox çəkməyəcəkdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Onu da qeyd edək ki, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi və bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti