PROREKTOR GÖRÜŞDƏ İŞTİRAK ETMİŞDİR
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın təşəbbüsü ilə Bakı şəhərində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən universitet rəhbərlərinin birgə görüşü olmuşdur. Görüşdə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecmet Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti, Azərbaycan Diplomayik Akademiyası və Bakı Slavyan Universitetinin prorektor və rektorları, həmçinin İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Carğı Erhan,Ege Universitetinin rektoru, professor Hatice Beril və Ankara Universitetinin rektoru, professor Erkan İbiş iştirak etmişlər.
Görüşün iştirakçısı olan Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə bildirdi ki, təhsil sahəsində beynəlxalq əlaqələrin mühüm istiqamətlərindən biri də ayrı-ayrı ölkələrlə birbaşa təhsil əlaqələrinin qurulması, əməkdaşlıq haqqında saziş və protokolların imzalanmasıdır. Digər ölkələrlə yaratdığımız bu əlaqələr müstəqilliyin bizə bəxş etdiyi əhəmiyyətli imkanlardandır. Təhsil sahəsində ayrı-ayrı ölkələrlə yaradılan əməkdaşlıq, birgə proqram və layihələrin reallaşdırılması, tələbə, müəllim mübadiləsi, təhsil sənədlərinin qarşılıqlı tanınması, innovasiyaların tətbiqi ümumilikdə ölkə təhsilinin inkişafı və beynəlxalq aləmə inteqrasiya üçün əlverişli imkan yaratmaqla yanaşı, son nəticədə ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşəkkülünə gətirib çıxarır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dünyanın bir çox tanınmış ali məktəbləri ilə təhsil əlaqələri yaratdı. Ən sıx əlaqələr isə qardaş Türkiyənin ali məktəbləri ilə quruldu. Bu gün Türkiyənin elə bir universiteti yoxdur ki, orada Azərbaycandan gəlmiş alimlər, tələbələr olmasın. Azərbaycanlı alimlər qonşu ölkənin ali məktəblərində bacarıqlı müəllimlər kimi tanınırlar. Gənclərimiz isə Türkiyə universitetlərində təhsil alır, magistraturada oxuyur, tibbi təhsil üzrə ixtisaslarını artırırlar.
Görüşdə bununla bərabər, Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə keçmələri və təhsillərni davam etdirmələri məqsədilə Türkiyə Yüksek Öğretim Kurulu tərəfindən yaradılan Mövlana Mübadilə Proqramı çərçivəsində imzalanan protokollardan danışıldı və Azərbaycan-Türkiyə Universitetlər Birliyinin yaradılması məsləhət edildi.