Qərbi Azərbaycan: Mədəni İrs, Ədalət və Qayıdış Yolu

 Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi tarix kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Qərbi Azərbaycan: Mədəni irs, ədalət və qayıdış yolu” adlı tələbə elmi konfransı keçirilib.  

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki,  1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub.  Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi,  eləcə də digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya  bir daha nümayiş etdirdi.  Xalqımız əmindir ki, Qarabağa Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

  Konfransda Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəalliyyətindən və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. 

GDU Azad Həmkarlar İttifaqı Komitəsinin  sədri Afaq Qasımova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.  

Konfransda Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov,  Ümumi tarix kafedrasının müdiri Etibar Musayev və dosent Hüseyn Bəxtiyarlı Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıblar.

Çıxışlardan sonra Tarix və coğrafiya fakültəsinin 13 tələbəsinin Qərbi Azərbaycanla bağlı plenar məruzələri dinlənilib.

 Sonda tələbələrə sertifkatlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti