“Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.
İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər.
Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.
Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdı.
30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi;
Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.
Üç ay bundan əvvəl birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.
Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq.
Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır.
Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur.
Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
“Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti