Qardaş Türkiyə Respublikasının Fırat Universitetindən gələn nümayəndə heyətinin Gəncə Dövlət Universitetinə səfəri

Gəncə Dövlət Universiteti və Fırat Universiteti arasında ikitərəfli anlaşma memorandumu mövcuddur. Eyni zamanda iki universitet arasında Mevlana Proqramı çərçivəsində ayrıca bir Protokol mövcuddur ki, bu mübadilə protokolu əsasında hər iki universitetin əməkdaşları bundan yararlanmışdır.

İki universitet arasında mövcud olan əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Fırat Universitetinin əməkdaşları universitetə səfər etmişdir. Səfərdə Fırat Universitetini İdman Elmləri Fakültəsinin İdman İdarəetməsi Kafedrasından Prof. Dr. Sebahattin DEVECIOĞLU, Fənn Fakültəsinin Statistika Kafedrasından Doç. Dr. Nurhan HALİSDEMİR və İnformasiya Texnologiyaları şöbəsindən Atilla BİNGÖL iştirak edir.

Qonaqlar İnnovasiyalar departamentini ziyarət etmiş və orada startap müsabiqəsinə hazırlaşan tələbələrlə müzakirələr aparmışdır. Eyni zamanda gələcəkdə bu sahədə iki universitet arasında mümkün ola biləcək fəaliyyətlər müzakirə edilmişdir.

Görüşdən sonra qonaqlar departamentin direktoru ilə birlikdə ötən il Gəncə şəhərinə atılan balistik raketlərin düşdüyü yerə gedərək əraziyə baxış keçirmiş və Şəhidlərin xatirəsini yad etmişdir.

Sonra qonaqlar universitetin rektoru professor Yusif Yusibovla görüşmüş, görüş zamanı Fırat Universiteti rektorunun salamlarını və simvolik hədiyyəsini təqdim etmişdir. Görüş zamanı iki universitet arasında mövcud olan əlaqələr dəyərləndirilmiş və gələcəkdə həyata keçirilməsi mümkün olan fəaliyyətlər müzakirə edilmişdir. Sonda rektorla nümayəndə heyəti xatirə şəkli çəkdirmişdir.

Qeyd edək ki, 22.11.2021-ci il tarixdə İnnovasiyalar departamentinin nəzdində saat 11:00-dan 13:00-a və 15:00-dan 17:00-a qədər iki ustad dərsi (masterclass) təşkil ediləcəkdir. İştirak etmək arzusunda olan hər bir şəxsi həmin təlimlərə dəvət edirik.