Qlobal Bakı Forumu artıq mühüm siyasi platformaya çevrilib

     X Qlobal Bakı Forumu iqtisadi müstəvi kimi, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir.

     Azərbaycan Prezidenti Cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumuna 61 ölkədən 360-a yaxın iştirakçı qatılıb.

    X Qlobal Bakı Forumunda dövlətimizin başçısı Cənab İlham Əliyev və tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər bir daha sübut edir ki, dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar. 

    Forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə səsləndirilən çağırışlar, ünvanlanan mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır.

     Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edildi. Dövlətimizin başçısı Cənab İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki – dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı.

    X Qlobal Bakı Forumunda ölkə başçısı Cənab İlham Əliyev tərəfindən Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə “yaşıl enerji” və onun ötürülməsinə dair Sazişi xatırlatması da təsadüfi deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın yaşıl enerjisinin növbəti illərdə xüsusi paya malik olması ilə əlaqədar proqnoz Prezident İlham Əliyevin yaşıl iqtisadiyyat ilə bağlı uzunmüddətli baxışlarının olmasını deməyə əsas verir. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti