«REFRESH» LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İTALİYAYA SƏFƏR BAŞ TUTUB

Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) layihəsi çərçivəsində İtaliyaya səfər baş tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin (https://unec.edu.az/) koordinatorluğu ilə həyata keçirilən layihənin növbəti səfəri İtaliyanın Boloniya Universitetinə (UNIBO) olub.

     Səfərin məqsədi bərpa olunan enerji, yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübəsini öyrənmək olub.  

     Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə məsul professor-müəllim heyəti “REFRESH” layihə konsorsiumuna üzv olan Azərbaycan universitetlərinin nümayəndələri ilə görüş keçirib.

    Görüşdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və nailiyyətlər haqqında ətraflı məlumat veriblər, “REFRESH” layihəsi müddətində görüləcək işlər və fəaliyyət istiqamətləri barədə çıxış ediblər.

    Təlim proqramının növbəti günlərində UNIBO-nun Sənaye mühəndisliyi kafedrasının professor-müəllim heyəti tərəfindən seminar keçirilib.

    Seminarda Matteo Gherardi, Andrea De Pascale, Beatrice Pulvirenti, Alberto Borghetti yaşıl və dayanıqlı enerjinin inkişafı ilə bağlı fəaliyyətlərindən bəhs ediblər və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərini bölüşüblər.

     UNIBO-nun Tədqiqat və İnnovasiyalar Mərkəzinin əməkdaşları – Livia Mercatelli e Franca Maria Mura, Samuele Giangrande, Natalia Rossi, Giuseppe Nottola UNIBO-da tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla çıxış ediblər.

    Təlim proqramının sonuncu günü Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri ilə UNIBO-nun nümayəndələri arasında “REFRESH” layihəsi üzrə növbəti addımların müəyyən edilməsi məqsədilə yekun görüş təşkil edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti