Şuşa şəhəri yaxın vaxtlarda bütün sakinlərini qəbul edəcək
32 ildən sonra soydaşlarımız doğma Şuşaya qayıtdı. İlkin mərhələdə 20 ailə olmaqla 88 nəfər bu sevinci ilk dadanlardan oldu. İlin sonuna qədər isə azad olunmuş ərazilərdə ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya budəfəki səfəri zamanı biz həqiqətən də dirçələn Şuşanı gördük. Burada genişmiqyaslı quruculuq işləri aparılır. Dövlət başçımız şəhərdə üçüncü yaşayış kompleksinin də təməlini qoydu. Eyni zamanda Şuşanın tarixi abidələrinin bərpası da davam edir. Dövlət başçımızın da söylədiyi kimi, artıq Şuşanın yeni tarixi başlayır.
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım Şuşaya ilk köç edən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim ediblər. Görüş zamanı ölkə başçısı çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesajlar verib. Vurğulanıb ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışır və bizim xalqımıza hörmət edirlər. “Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik”, – deyən dövlətimizin başçısı xatırladıb ki, Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Ötən il həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın tarixi torpaqları işğalçılardan azad edilib. Bu da dövlətimizin gücünü və siyasi iradəsini göstərir. Ərazi bütövlüyümüz bərpa edilərək Xankəndi, Xocalı, Xocəvənd, Ağdərə, Əsgəranda Azərbaycanın Dövlət bayrağı dalğalandırılıb.
Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir.
Qeyd edilməlidir ki, Şuşanın tarixi abidələrinin bərpasına müharibədən dərhal sonra başlanılıb. Vaqifin məqbərəsi yenidən qurulub və onun əzəli görkəmi qaytarılıb. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı olub. İndi Çöl Qala məscidində bərpa işlərinə başlanılıb. Eyni zamanda Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib.
Bu gün Şuşa şəhərində artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu “Şuşa” mehmanxanası şəhərin müasir görkəmini əks etdirir.
Şirinsu hamamı əsaslı təmirdən sonra açılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulub. Həmçinin dahi Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Görülən quruculuq işlərinin sürəti və həcmi artırılır.
Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti