ŞUŞA ŞƏHƏRİNİN İŞĞALININ 23-cü İLDÖNÜMÜ

08 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının akt zalında Şuşa şəhərinin işğalının 23-cü ildönümü münasibəti ilə Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tədbir keçirildi. Tədbiri Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə giriş sözü ilə açaraq, qeyd etdi ki,1992-ci il may ayının 8-nə keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə erməni hərbi birləşmələri Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.  Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silir, nadir tarix-memarlıq tikililərini, qədim abidələri, inanc yerlərini, yaşayış binalarını, hətta məzarlıqları yerlə yeksan etmiş, «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətl yetirilmiş,165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yurdunu tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.  Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
YAP Gəncə şəhər üzrə Gəncə Dövlət Universitetinin ərazi təşkilatının sədri, tarix elmləri üzrə fəlsəfə doktoru  Cavid Bağırzadə bildirdi ki, Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini məhv etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər   insanlığa sığışmayan   vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər. Şəhərin  tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edildi. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması  “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına,  “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına  ziddir.
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq 23 ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır.
Tələbələrdən Şəfiqə Alıyeva, Firuzə Nağızadə öz çıxışlarında  erməni faşizminin bəşər üçün ləkə, faciə olduğunu xüsusilə vurğuladılar.
Müxtəlif ixtisaslarda və müxtəlif kurslarda təhsil alan Anar Məmmədovun “Şuşa qalası”, Babək Tağıyevin “Qələbə” və Hekayət Əhmədzadənin “Şuşa” adlı öz yazdıqları şeirlərdə Şuşanın ağrılarını tərənnüm etməklə sonsuz Vətən sevgilərini dilə gətirdilər. Şahzadə Qəhrəmanlının, Çinarə Ələkbərovanın ifasında səslənən “Şuşam”, “Şəhidlər” şeiri hamını riqqətə gətirdi və dinləyicilərdə ermənilərə qarşı dərin nifrəıt hissini yenidən alovlandırdı.
İldönümündə Şuşa şəhərinin tarixindən və erməni faşizminin əməllərindən bəhs edən iki video-çarx nümayiş etdirildi.