Şuşadan verilən qətiyyətli mesajlar: Azərbaycanın mövqeyi növbəti dəfə dünya ictimaiyyətinə çatdırdı

   “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda Şuşada keçirilən dördüncü beynəlxalq konfransda ölkə başçısı Cənab İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edir.

     Konfransda dövlət başçısı Cənab İlham Əliyev çıxışında vurğuladı ki,Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir.

    Ölkəmiz hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.

    Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, atəşkəsdən sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi.

   Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib. Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. 

   Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük məsələ dayanır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti