Tələbələrimiz “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu”nun final turunda medal qazanıblar

    Ölkənin 5 regionu üzrə keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu”nun final turu keçirilib.

Tədbirdə qeyd edilib ki, Debat Forumun əsas məqsədi gənclərin debat metodologiyası vasitəsilə gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməsini təmin etmək, natiqlik, özünüifadə, təhlil və araşdırma bacarıqlarını inkişaf etdirməkdir.

Gəncə Dövlət Universitetinin “Tufan” komandası  “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda çıxış edərək debatın final mərhələsində 2-ci yeri qazanıb. Komandanın üzvləri sertifikat və medal ilə təltif ediliblər.

  Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva medal qazanan ali məktəbin  tələbələri ilə görüşərək universitet rəhbərliyi adından onları təbrik edib və uğurlar arzulayıb.

Bildirək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən icra edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti