Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də – Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq beş il ötür. 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı.
Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq məğlubiyyətə uğratdı. Bununla da “qüdrətli”, “yenilməz” Ermənistan ordusunun mifi darmadağın oldu.
Bu gün bütün dünya bilir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə müdafiəsini və təhlükəsizliyini təmin edə biləcək güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilib.
Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. Təcavüzkar Ermənistan cəbhədəki ağır uğursuzluğunu xalqdan gizlədərək, hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yayırdı.
Tovuz döyüşlərində ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Onların qanları yerdə qalmadı, qisasları alındı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bir daha bildirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.
Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir.
Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos hiss olunmağa başladı.
Beləliklə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi…
Bəli, ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımları idi…


