Tyutor xidmətinin yeni rəhbəri ilə görüş

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  Tyutor xidmətinin rəhbəri vəzifəsinə (akademik məsləhətçi) yeni təyin olunan Rəşad  Məmmədov və tyutor vəzifəsində çalışan əməkdaşlarla görüş keçirib.

Görüş zamanı rektor Yusif Yusibov Rəşad  Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayıb, ona göstərilən etimadı layiqincə doğruldacağına əminliyini bildirib. Eyni zamanda tədrisin təşkilində keyfiyyətin artırılmasında və universitet-tələbə əlaqələrinin düzgün qurulmasında tyutor xidmətinin vacibliyindən söhbət açıb, tyutorlara daha da məsuliyyətli olmağı tövsiyə edib.

Tyutorlar onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

İclasda ayrı-ayrı fakültələrdən olan tyutorların sualları cavablandırılıb, onların üzərinə düşən vəzifələr və öhdəliklər haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində Tyutor Xidməti 2022-ci ildən fəaliyyət göstərir. Universitetdə tədris prosesini təşkil etmək, onun səmərəliliyini və təlimin keyfıyyətini yüksəltmək, tələbələrin hüquqlarını və akademik maraqlarını qorumaq, tələbələri “Kredit sistemi” ilə bağlı maarifləndirmək və universitetin tədris prosesi ilə bağlı məsləhət vermək,  tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək, və s. akademik məsləhətçilər (tyutor) xidmətinin əsas vəzifələridir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti