Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş  növbəti tədbir keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş nitqi ilə çıxış edərək  Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) əhəmiyyətindən danışıb. Bildirib ki, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən tədbirin (WUF13) 2026-cı ildə Bakıda keçirilməsinin qərara alınması Azərbaycana etimadın göstəricisidir. Belə miqyaslı BMT tədbirinin Azərbaycana həvalə olunması ölkənin qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə xidmət edir. Prorektor onu da bildirib ki, WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır.

Tədbirdə Fizika kafedrasının müdiri Yəhya Namazov “Wuf 13 – təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri qururuq”, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev  “İşğaldan azad olunmuş torpaqlarda şəhərsalma”,  kafedranın baş müəllimi Əsmər Şərifova  “İşğaldan azad olunmuş Qarabağda kənd,  qəsəbə və şəhərlərin yenidən qurulması prosesi”, Təsviri incəsənət kafedrasının baş müəllimi  Ruqiyyə Tağıyeva “İşğaldan azad olunmuş ərazilərdə memarlığın bərpası  və son illər Gəncədə memarlıq mühiti”  adlı məruzələrlə çıxış ediblər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti