Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasının Bakıda keçirilməsinin qərara alınması Azərbaycana etimadın göstəricisidir

Gəncə Dövlət Universitetində Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə ölkəmizdə aparılan abadlıq və quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş nitqi ilə çıxış edərək bildirib ki, 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyəti  dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi  müəyyən olunmuşdur. Hazırda şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə həyata keçirilən  layihələr Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır. Bu gün işğaldan azad olunmuş Qarabağ, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonlarında dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması istiqamətində uğurlu işlər həyata keçirilir.

Daha sonra  Coğrafiya kafedrasının baş müəllimləri- Seymur Xəlilov  “Azərbaycan dayanıqlı inkişaf, “ağıllı şəhər” modelini həyata keçirən ölkə kimi”, Nəsibə Hacıyeva  “İşğaldan azad olunmuş torpaqlarda şəhərsalma sahəsində əldə edilən nailiyyətlər” və Xudu Məmmədov “Urbanizasiyanın geoekoloji aspektləri” mövzularında çıxış ediblər.

Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, kafedranın dosenti Nərgiz Rəsulova, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva , Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev çıxış edərək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) əhəmiyyətindən danışıblar. Qeyd olunub ki,  irimiqyaslı qlobal tədbirlərdən hesab edilən tədbirin (WUF13) 2026-cı ildə Bakıda keçirilməsinin qərara alınması Azərbaycana etimadın göstəricisidir.  Bu mötəbər tədbirin təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti