Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş konfrans keçirilib
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş konfrans keçirilib. Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasının ölkəmizdə keçirilməsinin əhəmiyyətdən danışıb. Bildirib ki, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən (WUF13) 2026-cı ildə Bakıda keçirilməsinin qərara alınması Azərbaycana etimadın göstəricisidir. Belə böyük miqyaslı BMT tədbirinin Azərbaycana həvalə olunması ölkənin qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə xidmət edir. O da diqqətə çatdırılıb ki, hazırda şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə həyata keçirilən layihələr Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır. Bu gün işğaldan azad olunmuş Qarabağ, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonlarında yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması istiqamətində uğurlu işlər həyata keçirilir.
Konfransda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov “Böyük Qayıdış prosesi şəhərsalma ilə miqrasiya siyasətinin bariz nümunəsidir”, İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov “İşğaldan azad olan ərazilər şəhərsalma və memarlıq abidəsi kimi”, İdarəetmə kafedrasının müdiri Afəddin Həmidov “Şəhərsalma və memarlıq ilinin sosial rifahın yüksəldilməsində rolu”, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədov “Qədim və müasir dövrdə Azərbaycanda şəhərlərin formalaşması”, İqtisadiyyat kafedrasının baş müəllimi Nərmin Həsənova “WUF 13: Dayanıqlı şəhərlər-iqtisadi inkişafın strateji dayağıdır”, İdarəetmə kafedrasının müəllimi Gülüstan Fərəcova “Sosial-iqtisadi inkişafın yeni mərhələsi Urbanizasiya və investisiya imkanlarının genişlənməsi”, Menecment və turizm işi kafedrasının müəllimi Səfurə Hüseynova “Gəncə 2040: Turizmin inkişaf strategiyası və şəhərsalma” adlı məruzələrlə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti










