UNEC-in start verdiyi “Elmin Populyarlaşdırılması” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində tədbir keçirilib
Elmin cəlbediciliyini və gənc nəslin elmə marağını artırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) start verdiyi “Elmin Populyarlaşdırılması” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) tədbir keçirilib.
Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, UNEC-in rektoru Ədalət Muradov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev, UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev, İqtisadiyyat kafedrasının dosenti Azər Mehdiyev, millət vəkili Pərvin Kərimzadə, GDU-nun prorektorları, elm, təhsil nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun rəhbərliyi altında “Elmin populyarlaşdırılması” təşəbbüsü və “Elm gözəldir: məktəbdən elmə” adlı layihəsi Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə həyata keçirilən təşəbbüslər gənclərin elmə marağını artırmaq, onların dünyagörüşünü və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək baxımından çox vacibdir.
UNEC-in rektoru Ədalət Muradov çıxış edərək bildirib ki, “Elmin Populyarlaşdırılması” təşəbbüsünün məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, gənc nəslin elmə marağını artırmaqdan ibarətdir. Rektor UNEC-də Elmin populyarlaşdırılması mərkəzinin fəaliyyətindən və Azərbaycan elminin dünyaya inteqrasiyasının əhəmiyyətindən söz açıb, eləcə də universitetlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyindən bəhs edib.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov elmə marağın orta məktəbdən formalaşdırılmasının və ölkədə ixtisaslaşmış institutların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini önə çəkib. Misir Mərdanov onu da diqqətə çatdırıb ki, Gəncə Dövlət Universiteti elm və təhsil sahəsində uğur qazanmış ali təhsil ocaqlarından biridir. Universitet yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq ölkəmizin qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir. Gəncə Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında elmi əməkdaşlıq əlaqələrindən danışan Misir Mərdanov gələcəkdə də pedaqoji heyətə, o cümlədən tələbələrə dəstək göstərəcəyini bildirib.
Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin gənc nəslin elmə marağını artırmaq üçün başlatdığı bu təşəbbüs ölkənin elm və təhsil adamları, alim və ziyalılar tərəfindən böyük maraqla qarşılanır.
UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib, mərkəzdə elmi lüğətlərin hazırlanması, populyar kitabların tərcüməsi, elmi ədəbiyyatların təbliği istiqamətində layihələrdən, eləcə də ziyalılarla görüşlər və digər mühüm elmi tədbirlərdən danışıb. Etibar Əliyev elmin populyarlaşdırılması saytının yaradılmasının vacibliyini də vurğulayıb.
Tədbirin sonunda qonaqlar Gəncə Dövlət Universitetinin Kitabxanasına çoxsaylı kitab və jurnal hədiyyə ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti