UNİVERSİTET RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ 27 SENTYABR – ANIM GÜNÜ TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR

27 sentyabr Anım günü ilə bağlı ümumşəhər tədbiri keçirilmişdir.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov və professor-müəllim heyəti də Anım günü ilə bağlı təşkil olunmuş tədbirdə iştirak ediblər.

Tədbir çərçivəsində rəsmi şəxslər Gəncənin Şəhidlər xiyababını ziyarət ediblər. Şəhidlər xiyabanında yerləşən Əbədi Məşəl abidəsinin önünə güllərdən hazırlanmış “Dəmir yumruq” və “Xarı bülbül” kompozisiyalar qoyulub. Tədbir iştirakçıları xiyabanın girişində “Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə” inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Dram Teatrı kollektivinin təqddimatında Vətən müharibəsi qazisi Həsən Cəfərovun “Millətəm” pyesi əsasında “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. 

Allah şəhidlərimizə rəhmət etsin. Xalqımız onları heç vaxt unutmayacaq, xatirələrinə ehtiram göstərəcək.