Universitet tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı iştirak ediblər
Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti bilik yarışı keçirilib. “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda da bu yarışmada iştirak edib.
2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır. Bu ilki yarış eyni zamanda Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.
Qeyd edək ki, yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, noyabrın 6-da bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən təlimin məqsədi Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi olub.
“Regional İnkişaf” İctimai Birliyinin konüllülərinin dəstəyi ilə keçən yarışda iştirakçı komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.
Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.
Bilik yarışında Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası isə beşinci yerə nail olub.