UNİVERSİTETDƏ GƏNCLƏR GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRDƏ OLİMPİADANIN QALİBLƏRİ OLAN ŞAGİRDLƏR DƏ MÜKAFATLANDIRILDI
Gəncə Dövlət Universitetində “2 fevral Gənclər günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün Azərbaycan tarixi, ümumi tarix və coğrafiya fənləri üzrə keçirilən olimpiadanın qalibləri də mükafatlandırılmışlar.
Mərasimdə Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, tələbə həmkarlar ittifaqı komitəsinin sədri Pərviz Adıgözəlov, tələbə gənclər təşkilatının sədri Orxan Məmmədov, fəal tələbələr, eləcə də olimpiadanın qalibləri, müəllim və valideynlər iştirak etmişlər.
Tədbiri açan elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə fənn olimpiadasının qaliblərini və fəal tələbələri təbrik edərək bildirmişdir ki, bu gün respublikamızda həyata keçirilən gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. 1997-ci ildən hər il fevralın 2-si Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunmuşdur. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də daim gənclərə diqqət və qayğı ilə yanaşmış, onların inkişafı üçün hər cür şərait yaratmışdır. Prezident gənclər qarşısında çıxışlarının birində demişdir: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Həqiqətən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi bu qayğının bariz nümunəsidir. Bu qanun Azərbaycan respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Daha sonra prorektor Pərvin Kərimzadə vurğulamışdır ki, olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin tarix-coğrafiya fənninə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir.
Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinə, həmçinin valideynlərə Gəncə Dövlət Universitetində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyaları haqqında məlumat verən prorektor məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında danışmışdır.
Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd etmişdir ki, siz gənclər ölkəmizin gələcəyi, onun iftixarı, onun ümidisiz. Hazırda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, eləcə də onların intellektual və fiziki inkişafının təmin olunması üçün hər cür şərait yaradılmışdır.
Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev GDU-nun nəinki Gəncə şəhərində, hətta respublikamızın Qərb bölgəsindəki bir çox ümumtəhsil məktəbləri ilə yaradılmış universitet-məktəb əlaqələrinin üstünlüklərini qeyd etmiş, məktəblilərə və onların valideynlərinə son illərdə universitet alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələri haqqında məlumat vermişdir.
Universitetin rektoru, professor Yusif Yusibovun müvafiq əmri ilə idmanın karate növü üzrə Dünya Çempionatının bürünc mükafatçısı Mahir Məmmədov, universitetin ictimai işlərində göstərdikləri fəallığa görə bir qism tələbələr və olimpiadada qalib olan qərb rayonlarının məktəbliləri “Fəxri Fərman”la təltif edilmiş, hədiyyələrlə mükafatlandırılmışlar.
Sonda mükafatlandırılan müəllim, tələbə və şagirdlər göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürlərini bildirmişlər.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ