UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI ONLİNE KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində(GDU) “Microsoft Teams” proqramı vasitəsilə Elmi Şuranın növbəti iclası online şəkildə təşkil edilib.

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Rektor Yusif Yusibov  pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb. Rektor Yusif Yusibov GDU-da onlayn (“Microsoft Teams” platforması üzərindən) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.

Daha sonra, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun  “2020 /2021-ci tədris ilinin payız imtahan sesiyasına hazırlığın vəziyyəti və qarşıda duran əsas məsələlər”  və İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun  “Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri” haqqında hesabatları dinlənilib.

Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov çıxış edərək imtahanların keçirilmə forması, həmçinin test imtahanları üçün sualların vaxtında bazaya təqdim edilməsi, test suallarının yenidən nəzərdən keçirilməsi səhv sualların düzəldilməsi və ya çıxarılması kimi məsələlərə diqqət ayırmağı fakültə dekanlarına bildirib.

Elmi Şurada prorektorun hesabatı əsasında 2020/2021-ci tədris ilinin payız semestrinin sessiyasına hazırlıqla əlaqədar məsələlər, həmçinin tələbələrin online dərslərə qoşulması, bəzi tələbələrin dərslərdə iştirak edə bilməməsi səbəbləri, təhsil haqlarının ödənilməsi və imtahanların keçirilmə formaları kimi məsələlər müzakirə edilib.

Prorektor Fəxrəddin Həsənov hesabatında universitetin tədris korpuslarında aparılan əsaslı cari və abadlıq işləri haqqında məlumatlar verib. O bildirib ki, IV tədris binasında arxiv yerləşən bina tam təmir olunmuş, rəflərlə təhciz olunaraq təhvil verilmişdir. IV tədris korpusunun həyətində yerləşən 1 mərtəbəli binada 4 ədəd auditoriya yaradılmış, əsaslı təmir olunaraq, İnventar və avadanlıqla təhciz olunmuşdur. Əsas tədris binasında cari və abadlıq işləri aparılmış, istilik sistemi təmir olunmuşdur.  Fəxrəddin Həsənov həmçinin 1967-ci ildə istifadəyə verilmiş və keçən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüş tələbə şəhərciyinin  tam olaraq təmir olunduğunu, tələbələr üçün hər bir şərait yaradıldığını qeyd edib.

İclasda həmçinin “Bakalavriat təhsil səviyyəsində əyani təhsil alan tələbələr üçün 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sesiyasında məsafədən (online) imtahan zamanı Microsoft Teams platformasından istifadə haqqında Təlimat” müzakirə edilmiş və yekdilliklə qəbul edilmişdir.

Sonra rektor Yusif Yusibovun Elmi Şurada 2020/2021-ci tədris ilində payız imtahan sessiyası, GDU-da kommunikasiyanın təşkili barədə məlumatları dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

Cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Sonda  çıxış edən universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, Xarici dillər fakültəsinin Fransız dili kafedrasının baş müəllimi Aygün Əliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Konfederasiyasının keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsində qazandığı uğurlara görə Konfederasiyanın “Fəxri Fərman”ı ilə təltif olunub.

Bu münasibətlə rektor professor Yusif Yusibov və Elmi Şura iştirakçıları baş müəllim Aygün Əliyevanı təbrik edərək ona uğurlar arzulayıblar.