UNİVERSİTETDƏ MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR

Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Azərbaycan da keçmiş ittifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşnalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlər idi. Belə bir ağır dövrdə Ulu Öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. O, 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri, eləcə də iqtisadiyyatı inkişaf etməyə başladı.

Ümummilli Liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.

Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik – belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq.

Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Qurtuluş günündən başlayan mübarizə tariximizə qızıl hərflərlə yazılan Böyük Qələbə ilə başa çatdı. Zəfər tariximizin müəllifi, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Bütün bunlar barədə Gəncə Dövlət Universitetində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə keçirilən elmi-praktik konfransda Millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Baş müşavir Asif Cavadov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və məruzəçilər daha ətraflı məlumat vermişlər.

Konfrans iştirakçıları 15 İyun tarixinin müstəqil Azərbaycan Respublikasının tarixindəki əhəmiyyətindən və Ulu öndər Heydər Əliyevin həmin anlar həyata keçirdiyi uzaqgörən siyasətinin verdiyi bəhrələrdən danışmışlar.

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “15 İyun-Milli Qurtuluş günü-Azərbaycanın müstəqilliyinin təminatçısıdır” , Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Müstəqilliyimizin qurtuluş tarixi”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi”, Ümumi tarix kafedrasının baş müəllimi Gültəkin Allahverdiyeva “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzularında məruzələrlə  çıxış etmişlər.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti