UNİVERSİTETDƏ RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞ ONLAYN KONFRANS KEÇİRİLMİŞDİR

        1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Lakin cəmi 23 ay yaşayan müstəqil respublikaya bolşeviklər tərəfindən son qoyuldu.

       Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.

            Mayın 27-də Gəncə Dövlət Universitetində 28 May – Respublika Günü münasibətilə keçirilən konfransda bütün bunlar barədə geniş və ətarflı məlumat verilmişdir.

            Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizələrdən, Azərbaycan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən, eləcə də dünyanın siyasi nizamının qurulduğu bir vaxtda istiqlaliyyətini elan etməsindən ətraflı danışmış və “28 May Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir”mözusunda məruzə ilə çıxış etmişdir.

            Sonra universitetin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Azəbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu və yeri”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü” və Ümumi tarix kafedrasının müəllimi Sevinc Qurbanovanın “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində” mövzularında geniş məruzə ilə çıxış etmişlər.

            Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva konfransa yekun vurmuşdur.

    Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti