UNİVERSİTETİN DAHA ÜÇ FAKÜLTƏSİNDƏ XOCALI FACİƏSİ HAQQINDA VİDEOKONFRANS TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetinin Pedaqoji, Tarix-coğrafiya və Biologiya-kimya  fakültələrinin tələbələri Xocalı faciəsinin 29 ildönümü ilə əlaqədar videokonfrans təşkil ediblər.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, 26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni alçaqlarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər əsir gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Lakin bunlara baxmayaraq yaşanılanlardan dərs çıxardıq, birlik olduq, yenilmədik, yıxılmadıq. Böyük sevinc hissi ilə yaşadığımız 44 günlük qələbədə Azərbaycanın prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz və xalqımız öz sözünü bütün dünyaya çatdırdı. Biz əzəli torpaqlarımızı düşmən tapdağından azad etdik. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” olmalıyıq.

Hər üç fakültənin professor-müəllim heyəti öz məruzələrində bildiriblər ki, keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir.  Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular.

Sonda Pedaqoji, Tarix-coğrafiya və Biologiya-kimya fakültələrinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya dinlənilib.