UNİVERSİTETİN MƏKTƏBLƏRDƏ FƏALİYYƏTİ
27 aprel 2017–ci il tarixdə orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələrin təbliği ilə əlaqədar olaraq universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetdə yaradılan işçi qrupunun əməkdaşları dosentlər Mahir Məmmədov, Cabbar Qarayev, Cavid Bağırzadə, Mehdi Rəhimov və Alman dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Elvin Atakişiyev Gəncə şəhər 26, 33 və 37 saylı tam orta məktəblərdə tədbirlər həyata keçirdilər. Dosentlər bildirdilər ki, orta məktəblərdə keçirilən tədbirlərdə Gəncə Dövlət Universiteti son illərdə qabaqcıl ali təhsil müəssisəsi kimi uğurlu strateji seçimlər edir, şəhərimizin orta ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Universitetimiz tələbələrin daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin artan tələbatını daha səmərəli ödənilməsini qarşıya məqsəd kimi qoyub.
26 saylı tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru V.Rüstəmov, 33saylı tam orta məktəbin direktoru E.Talıbova və həmin məktəbin direktor müavinləri S. Rzayeva və V. Hüseynova, 37 saylı tam orta məktəbin direktoru M.Əliyev çıxışlarında rektor, professor Yusif Yusibovun göstərişi ilə orta məktəbin kollektivi üçün müxtəlif mövzularda nümunəvi dərslərin tədris edildiyini, universitetin aparıcı kafedralarının müəllim və tələbələrinin pedaqoji təcrübələrini bu məktəblərdə uğurla heyata keçirdiklərini, özlərinin, həmçinin müəllim kollektivlərində fəaliyyət göstərən müəllimlərin əksəriyyətinin Gəncə Dövlət Universitetinin məzunu olduğunu vurğulamış, şagirdlərə də bu ənənəni davam etdirmələrini tövsiyyə etmişlər.
Tədbirdə işçi qrupunun üzvləri qeyd etdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən-ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə geniş imkanlar yaranmışdır. Hər üç görüşdə o da vurğulandı ki, Universitet tərəfindən ardıcıl olaraq orta məktəb şagirdləri üçün fənn olimpiadaları, ekskursiyalar, müxtəlif xarakterli yarışlar və tədbirlər həyata keçirilir. Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti bir daha qeyd edildi.
Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıqlarını və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.
Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, şagirdlərə bukletlər, universitetlə bağlı suvenirlər hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.