Universitetin Tələbə Gənclər Təşkilatının bir qrup aktiv gəncləri mükafatlandırılıb

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə tədbir keçirilmişdir. 

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov çıxış edərək könüllülüyün bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrildiyini, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etdiyini və gənclərimizin həyat tərzinə çevrildiyini qeyd edərək, 2021-ci il ərzində könüllü fəaliyyətlə məşğul olan hər bir gənci Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik etmişlər.

Daha sonra “5 dekabr – Beynəlxalq Könüllülər Günü”  münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir qrup gənc  2021-ci il müddətində aktiv könüllü fəaliyyətinə görə və Baş İdarə tərəfindən təşkil olunmuş tədbirlərdə fəal iştirak etdiyi üçün Təşəkkürnamələrlə təltif olunmuşdur. Təltif olunanlar arasında Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının bir qrup aktiv gəncləri də olmuşdur.

Tədbirin sonunda  gənclər Baş İdarə tərəfindən hazırlanmış  çay süfrəsinə dəvət olunmuşdur.