Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Tarix-Coğrafiya və Iqtisadiyyat və idarəetmə fakültələrində Xocalı soyqırımının 32-cı il dönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq 32 il əvvəl Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətdən bəhs edib, bunun bir qətliam, soyqırımı olduğunu deyib. Bildirib ki, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə erməni millətçiləri Xocalıda yaşından, cinsindən asılı olmayaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik edib. Xocalı müsibəti ermənilərin zaman-zaman Azərbaycan-türk əhaliyə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biridir.
Tədbirdə çıxış edənlər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar, “Xocalıya ədalət!” kompaniyası çərçivəsində dünya ölkələrində təşkil edilən mitinqlər, yürüşlər və tədbirlərdən bəhs ediblər.
Tədbirin sonunda tələbələr vətənpərvərliyə aid şeirlər səsləndiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
.