XOCALI SOYQIRIMI-QAN YADDAŞIMIZ!

Gəncə Dövlət Universitetində XX əsrin ən dəhşətli qırğını olan Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsi ilə  Pedaqoji fakültə birlikdə Xocalı faciəsinin 33-cü il dönümü ilə bağlı olaraq “Xocalı Soyqırımı Qan Yaddaşıdır” adlı tədbir keçiriblər.

Tədbirdə əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Xocalı faciəsinin dəhşətlərindən danışıb. Prorektor bildirib ki,  26 fevral 1992-ci il tarixində ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhəri  tamamilə dağılıb. Burada 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. Həmçinin 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. O dəhşətli gün xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Fizika və Texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova çıxışlarında  Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilərin xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəklərindən danışıblar.  O da xüsusi ilə qeyd edilib ki, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. Artıq Xocalı,  eləcə də digər işğalda olan torpaqlarımız işğaldan azad edilib. Bu gün bütün Qarabağımız özünün inkişaf dövrünü yaşayır. Tarixi torpaqlarımızda quruculuq, abadlıq işləri aparılır.

 Tələbələr  Xocalıya aid  bədii kompozisiya ilə çıxış edib və şerlər səsləndiriblər. 

XXX

Xocalı faciəsinin 33-cü il dönümü ilə bağlı olaraq Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində “Xocalıya ədalət” adlı tədbir təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Liderimiz Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibətdən danışıb. Prorektor qeyd edib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqlar törədib.  Həmin gün ermənilər tərəfindən  600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib. Gülsüm Fətəliyeva onu da diqqətə çatdırıb  ki,  44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalının qisası alınıb. Xocalı şəhəri artıq yenidən bərpa edilərək dirçəlir.

Riyazi analiz kafedrasının müdiri, professor Orucəli Rzayev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu. Bununla da sərhədlərimiz bərpa edildi. Həmçinin 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə işğalda olan bütün torpaqlarımız o cümlədən  Xocalı şəhəri azad olundu. Biz torpaqlarımızı azad edərək  bütün şəhidlərimizin qanını yerdə qoymadıq.

Xocalı faciəsinə həsr edilən tədbirdə Riyaziyyat – informatika fakültəsinin tələbələri- Leyla Paşayeva, Firuzə Əhmədova, Tamara Nəbiyeva və Fatma Məmmədova “Xocalı” adlı bədii kompozisiya ilə çıxış etdilər.

 Daha sonra  tələbələrin Xocalı soyqırımına həsr olunan rəsm sərgisi nümayiş olundu.

  Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Ümumi Tarix kafedrasının müdiri Etibar Musayev və Azərbaycan tarixi kafedrasının müdiri Gülara Əliyeva çıxışlarında tarixi faktlara əsaslanaraq Xocalı faciəsində ermənilərin xalqımıza qarşı törətdiyi müsibətlərdən ətraflı danışıblar, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya ağır hərbi texnika yeridərək şəhərin əhalisinə qarşı misli görünməmiş qırğından söhbət açıblar.

Daha sonra tələbələrin çıxışları dinlənilib.

  Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilib. 

 Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent  Məsim Abadov  çıxış edərək bildiriblər ki, ermənilər Xocalıda dinc sakinlərə, günahsız uşaqlara, yaşlılara dəhşətli  divan tutublar. Qışın soyuğunda, qarında tarixdə olmayan, insanlığa sığmayan  vəhşiliklər törədiblər. İllər, əsirlər keçsə belə ermənilərin Xocalıda törətdikləri bu vandalizm yadaşlardan çıxmayacaq.

  Tədbirin davamında tələbələr Xocalı faciəsinə həsr edilən şerlər söyləbilər.

XXX

 Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültələrinin birgə təşkilatçılığı ilə  “Xocalı – unudulmaz ağrımız!” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlıyan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

  Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “26 fevral – Xalqımızın qan yaddaşı” adlı məruzə ilə çıxış edib.  Prorektor Gülsüm Fətəliyeva çıxışında qeyd edib ki, erməni işğalçıları tərəfindən törədilən Xocalı soyqırımı bəşəriyyət tarixində qara ləkədir. Bu faciəni törətməklə  erməni millətçiləri öz vəhşi simalarını bir daha nümayiş etdirdilər. Törədilən faciənin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş qanlı cinayətdir.  

 Qrammatika və ingilis dilinin tədrisi  kafedrasının baş müəllimi Arzu Babayeva “Xocalı – unutsaq, unudularıq!” və Azərbaycan dili kafedrasının əməkdaşı Əfruz İsmayılova “Xocalı harayı”  adlı məruzələrlə çıxış ediblər.

 Tədbirdə  “Mən Xocalıyam” adlı  videoçarxın nümayişindən sonra tələbələr Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti