Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdən öncə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərləri və kitablardan ibarət stendə baxıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
Gəncə Dövlət Univesitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb. Prorektor Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə söhbət açıb. Qeyd edilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadənin “Xocalı soyqırımı xalqmızın qan yaddaşıdır”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Xocalı qətliamı – tariximizin harayı”, Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın “Xocalı yarası həmişə qəlbimizi sızladacaq” adlı məruzələri dinlənilib.
Çıxış edənlər vurğulayıb ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Tədbirin sonunda tələbələrin ifasında Xocalı soyqırımına həsr edilən şeirlər səsləndirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti