YAP DÜNƏNİN, BU GÜNÜN, SABAHIN PARTİYASIDIR
21 noyabrda ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü tamam olur. Bu partiyanın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin çalarlarını özündə birləşdirməyi bacarmışdır.
Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. YAP fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Xalqımızın Ulu Öndər Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü, onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının xalq arasındakı nüfuzunu getdikcə artırdı.
Tarixə nəzər salaq. Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. 21 noyabr 1992-ci il də Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasınn təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi.
YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir.
Dövlət Başçısı Cənab İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də regionun ən güclü siyasi təşkilatına çevrilmişdir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 33 il ərzində bütün potensialını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atmışdır. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz YAP-ın iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirməsi, müdrik siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandı. Müzəffər Ordumuzun 44 gün ərzində icra etdiyi “Dəmir yumruq” əməliyyatı dogma yurd həsrəti çəkən məcburi köçkünlərin 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüz tam təmin edildi. Bu Qələbə, eyni zamanda, regionda sülhün bərqərar olmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və yeni iqtisadi imkanların yaranmasına da zəmin yaratdı. Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi.
Beləliklə, zaman göstərdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan möhtəşəm, parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir.


