“Zəfər yolunda!”

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Zəfər yolunda!” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açaraq Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Qələbə nəticəsində biz ərazi bütövlüyümüzlə yanaşı, milli qürurumuzu da bərpa etdik. Biz bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan məğlub edilməzdir və hər zaman da belə olacaq. Prorektor onu da diqqətə çatdırdı ki,  Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu Zəfər bütün antiazərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhlükəni dəf etməyə qadirdir və öz torpağının bir qarışından belə imtina etməyəcək.

Tədbirdə Zəfər günü ilə bağlı hazırlanan video çarx nümayiş etdirildi. Daha sonra Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev “Zəfər günü tarixi nailiyyətimizdir”, Azərbaycan dili kafedrasının məsləhətçi professoru   Mübariz Yusifov “Qələbəyə gedən yolun başlanğıcı”, Azərbaycan dili kafedrasının dosenti Sürəyya Cəfərova “Qürur tariximiz”, Filologiya fakültəsinin dekan əvəzi Mehriban Məmmədova “Doğma torpağa qayıdış”,    Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov  “Zəfər tariximizin qəhrəmanları” adlı məruzələrlə çıxış etdilər.

Tədbirdə  Filologiya fakültəsinin IV kurs tələbəsi Amin Həsənov  “Qarabağ azaddır” , Filologiya fakültəsinin II kurs tələbəsi Günay Sadıqova  “Ürəklər istəmir müharibəni” şeirlərini səsləndirdilər.   Həmçinin Filologiya fakültəsinin tələbələri Əminə Məmmədova və Emil Məmmədov “Ana və poçtalyon “ şeirinin səhnəciyini nümayiş etdirdilər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti