Gəncə Dövlət Universitetindən 49 nəfər gənc “GDU Enactus” proqramına üzv qəbul edilib

Gəncə Dövlət Universitetində Enactus (Entrepreneurial Action Us) – Tələbələrin Azad Sahibkarlıq Fəaliyəti proqramının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və “GDU Enactus” proqramının məsləhətçisi Ruslan Məmmədov yarışmaya yeni qouşulan universitetin birinci kurs tələbələrinə “Enactus” haqqında ətraflı məlumat verib.

Bildirilib ki, “Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Entrepreneurial Action Us – Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. 1996-cı ildən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşulub. Bu layihənin əsas məqsədi müvəffəqiyyətlə təhsilini başa vuran və xüsusi bacarığı ilə fərqlənən tələbələrə qayğı göstərmək, onlarda liderlik qabiliyyətini yüksək səviyyədə inkişaf etdirmək, effektiv komanda yığımı, layihələrin idarə edilməsi və iş bölgüsünün təmini, layihə müddətində düzgün vaxt bölgüsünün müəyyənləşdirilməsi, həmçinin tələbələrin peşəkar kadr kimi formalaşmasına dəstək olmaqdır.

Gəncə Dövlət Universiteti 2015-ci ildə beynəlxalq proqrama qoşularaq, 4 layihə ilə çıxış edib, “Ən yaxsı sosial layihə” nominasiyasının qalibi və “Enactusun ruhu” kubokuna sahib olub.

Sonra “GDU Enactus” proqramının məsləhətçiləri Mobil Qarayev və Turqan Əliyev, proqramın kapitanı Sultan İsgəndərov çıxış edərək “Enactus” proqramında iştirak etmək  üçün tələbələrə interaktiv şəkildə ətraflı məlumat verib və gənclərin suallarını cavablandırıblar.

Sonda tədbirdə iştirak edən 200-ə yaxın gəncdən 49 nəfəri qeydiyyatdan keçərək “GDU Enactus” proqramının üzvləri sırasına qoşulublar.