Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq  festivalının baxış müsabiqəsi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə  gənclər  arasında keçirilən müsabiqə-festival incəsənət və mədəniyyət sahəsi üzrə istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaq məqsədi daşıyır..

Festivalın təşkilat komitəsi və münsiflər heyətinin üzvləri – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Rüstəm Nəzirov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu,  Azərbaycan Dövlət Akademik Opera və Balet  Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli Gəncə Dövlət Universitetində baxış müsabiqəsində iştirak ediblər.

Gəncə Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyevanın təşkilatçılığı  ilə hazırlanan zəngin konsert proqramında tələbələr incəsənətin müxtəlif janrlarında öz istedadlarını  nümayiş etdiriblər.

Müsabiqədə gənclərin vokal və instrumental, xor ifaçılığı, bədii qiraət və aşıq havalarını, xalq mahnılarını ifaetmə bacarıqları maraqla qarşılanıb.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu tələbələrin təqdim etdiyi çıxışları yüksək qiymətləndirib, tələbələrin istedadının üzə çıxarılması üçün yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti