“REFRESH” layihəsi çərçivəsində Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub. Səfərdə Azərbaycan Dövlət İqtisad Universiteti  (UNEC) , Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Texnologiya Unversiteti (ATU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri öz qurumlarını təmsil ediblər.

 Səfərin əsas məqsədi yerli tərəfdaş univeristetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurriklumların təkmilləşdirilməsi olub. Təcrübə səfərinin ilk günü hər bir universitet nümayəndəsi təmsil etdiyi qurum haqqında Danimarka Texniki Universitetinin “REFRESH”  layihəsi üzrə komandasına məlumat verib, bununla yanaşı alternativ enerji sahəsində mövcud proqramlarının cari vəziyyəti haqqında DTU nümayəndələrinə təqdimatla çıxış ediblər.

5 günlük təcrübə səfəri müddətində DTU-nun “REFRESH” layihəsi üzrə təlimçiləri Mads Peter Sorensen, Jalal Kazempour, Per Sieverts Nielsen, Martin Brynskov, Ivano Eligio Castelli, Henrik Madsen və digərləri iştirakçılara universitetin bərpa olunan enerji mənbələri, bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları üzrə mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramlarını təqdim ediblər.

 Təcrübə səfərinin növbət günlərində tərəfdaş yerli ali təhsil müəssisələrinin tədris proqramlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinə dair seminar keçirilib. Seminar çərçivəsində tədris materialları haqqında geniş müzakirə aparılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti