Xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil

 

Gəncə Dövlət Universitetində (GDU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ali məktəbin rektoru, professor Yusif Yisibov anım mərasimində Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğını tarixdə misli bərabəri olmayan faciə adlandıraraq, bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirib.

Rektor ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq, bu istiqamətdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən universitetin alimi Arifə Əhmədli Xocalı soyqırımının səbəb və nəticələrindən, eləcə də bu dəhşətli faciənin soyqırımı aktı kimi dünya birliyinə çatdırılması istiqamətində həm ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib, həm də bu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edib.

Bildirilib ki, genosid termini ilk dəfə 1944-cü ildə amerikalı Rafael Remkın tərəfindən işlənib. Genosid ifadəsi yunan dilində “genos”- soy,  və latın mənşəli “kide”, yəni öldürmək, məhv etmək sözünün birləşməsindən əmələ gəlib. 1946-cı ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş 96.1 saylı qətnaməsində soyqırım anlayışına hüquqi səciyyə verilərək,  dini,etnik, milli və irqi xüsusiyyətlərə görə qəbul edilib. Bu qeyd olunanların biri və ya ikisi sübut olunmadıqda insan haqlarını müdafiə edən təşkilatlar faciəni soyqırım aktı kimi qəbul etmirlər.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımını bütün dünyaya çatdırmaq üçün beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşündə, xarici səfərlərində ardıcıl olaraq erməni işğalçılarının törətdikləri cinayətləri, erməni şovinistlərinin əsil planlarını bütün dünyaya çatdırıb. İlk dəfə olaraq 1994-cü ilin fevralında Milli Məclisdə “Xocalı Soyqırımı günü haqqında” qərar vermiş, ermənilərin törətdikləri bu vəhşiliyin soyqırımı olduğunu bütün dünyaya çatdırmışdır. 1997-ci il fevralın 25-də Xocalı Soyqırımı Qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında fərman imzalanmışdır.

Sonrakı dövrlərdə isə Xocalı faciəsinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın  və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası bir çox böyük dövlətlərdə, beynəlxalq təşkilatlarda aparılan təbliğat nəticəsində öz tarixi qiymətini layiqincə alaraq Xocalı sakinlərinə qarşı erməni vəhşiliyinin iç üzünü açıb dünyaya göstərməyə nail olub.

Anım mərasimi tələbələrin hazırladığı Xocalı hadisələrini əks etdirən “Mən Xocalıyam” adlı ədəbi-bədii kompozisiya ilə sona çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =