GDU-nun rektoru Yusif Yusibov “GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsində uğur qazanan tələbələrlə görüş keçirib

                     Gəncə Dövlət Universitetinin “Smartx” komandası “GreenTech” Startap və Yaşıl Texnologiyalar müsabiqəsində  “Robototexnika” kateqoriyası  üzrə II yeri qazanıb. Bununla yanaşı universitetin Kimya-biologiya fakültəsinin tələbəsi Leyla Novruzova “Mexatronika” kateqoriyası üzrə II yerə layiq görülüb. 

     Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi universitetlərdə yaşıl texnologiyaların inkubasiya mühitinin inkişafına dəstək, tələbələrin innovativ bacarıqlarının formalaşdırılması, həmçinin universitetlərarası əməkdaşlığın genişləndirilməsidir.

      Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov layihədə uğurla çıxış edən tələbələrlə görüş keçirib. Görüşdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, İnnovasiya texnologiyalarının transferi və marketinq şöbəsinin ekspert konsultantı Rəşad İsgəndərov iştirak ediblər.

    Rektor Yusif Yusibov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Müsabiqədə təqdim olunan startap layihələrini müsbət qiymətləndirən rektor startapların inkişafı ilə bağlı tələbələrə dəstək olacağını bildirib.

      Görüşdə  gələcəkdə universitetdə startuplarla bağlı həyata keçiriləcək işlər haqqında danışılıb.

      Tələbələr müsabiqədə təqdim etdikləri layihələr barədə ətraflı məlumat veriblər və bu işdə onlara dəstək olan universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

    Qeyd edək ki, müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, Azersun, ATS Food və AzGranatanın dəstəyi ilə baş tutub.

      Müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya (robototexnika, mexatronika, enerji sistemləri mühəndisliyi, insanlıq naminə texnologiyalar, davamlılıq) üzrə mübarizə aparıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti