“Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” adlı virtual tədqiqat seminarı keçirilmişdir

Gəncə Dövlət Universiteti İnnovasiyalar Departamentinin əməkdaşları Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il fevralın 26-da magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarında iştirak etmişdir. Seminar Valencia Politexnik Universitetinin (Polytechnic University of Valencia (UPV) əməkdaşı Dr. Elena de la Poza`nın təqdimatında “Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” mövzusunda olmuşdur.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı üzv dövlətləri tərəfindən universal bir fəaliyyət çağırışı olaraq qəbul edilən “Davamlı inkişaf məqsədləri-2030” təsdiqləndikdən sonra ali təhsil müəssisələrində davamlılıq məsələləri ilə bağlı narahatlıq artmaqdadır. Ali təhsil müəssisələrində davamlı inkişaf məqsədlərinə nail olmaq üçün müxtəlif səylər göstərilir, həmçinin universitetlərin fəaliyyətinin qiymətləndirilməsi aparılır.

Dr. Elena de la Poza qatıldığı tədqiqat qrupu ilə birlikdə ali təhsil müəssisələrində davamlı inkişaf məqsədlərinə dair görülmüş işlərlə bağlı dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən universitetlərdə apardığı tədqiqat və onun nəticələrini seminar iştirakçılarına təqdim etmişdir.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanaraq, müzakirələrlə bitmişdir.