GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İNNOVASİYALAR DEPARTAMENTİ  FƏALİYYƏTƏ BAŞLAYIB

Gəncə Dövlət Universitetinin Mətbuat xidməti bildirir ki, açılış mərasimində ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov bildirib ki, İnnovasiyalar  Departamentinin  yaradılması Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası haqqında” müvafiq sərəncamına əsasən ali təhsil müəssisələri qarşısında qoyulan vəzifələrin həllinə uyğun olaraq yaradılıb.

Dövlət Strategiyasının məzmunu haqqında məlumat verən professor Yusif Yusibov deyib ki, ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Məhz İnnovasiyalar  Departamentinin  yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə tarnsfer etməkdən ibarətdir.

Rektor deyib ki, İnnovasiya Departamenti fəaliyyətə başlaması ilə universitet ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, həm də biliklərə əsaslanan məhsul istehsalçısına çevriləcək.

Bildirilib ki, universitetin əsas binasında fəaliyyətə başlayacaq İnnovasiya Departamentində  müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya kommunikasiya texnologiyaları ilə təmin edilib.

Departamentdə  fəaliyyət göstərən kadrlar da müəyyənləşib. Departamentin  əməkdaşları  ABŞ-da,  İtaliyada,  Yunanıstanda, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.

İnnovasiyalar Departamentində  8 şöbə və 1 laboratoriya elm-təhsil araşdırmaları ilə məşğul olacaq.

Sonra İnnovasiyalar departamentinə daxil olan ayrı-ayrı şöbələrin funksiyaları haqqında məlumat verilib.

Qeyd edilib ki,İnformasiya resurslarının formalaşması şöbəsi – bu istiqamətdə təminatın yaradılması və istifadəsi ilə məşğul olacaq.

Starteji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi – universitetin təhsil-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün mütəmadi işlər aparacaq, ali məktəblərlə bağlı yerli və beynəlxalq təcrübələri öyrənərək innovativ təkliflər hazırlayacaq. Eyni zamanda universitetdə keyfiyyətin daxili monitorinqi və qiymətləndirmə mexanizmlərinin yaradılması məqsədilə təkliflər verəcək, innovasiyalarla bağlı olaraq mütəmadi təhlillər aparacaq və proqnozlar dərc edəcək.

İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi – daxili və xarici texnologiya transferi bazarındakı potensialı dəyərləndirəcək, tədqiqat sahəsində əməkdaşlığı və maliyyə vəsaitlərini araşdıracaq. Yerli və xarici elmi-tədqiqat müəssisələri, kommersiyalaşdırma mərkəzləri arasında innovasiya texnologiyaları üzrə informasiya mübadiləsinin təşkil edəcək. Universitet ilə istehsalat və biznes sahələri arasında strateji əməkdaşlığın yaradılması da bu şöbənin gələcək funksiyalarına daxil olacaq.

Layihələrin idarə edilməsi şöbəsi – müxtəlif layihələrin hazırlanması, idarə edilməsi və istiqamətləndirilməsini həyata keçirəcək. Bu şöbədə layihə riskləri araşdırılacaq və idarə ediləcək. Donorlar araşdırılacaq və onlarla əlaqələr qurulucaq. Yerli və beynəlxalq layihələrdə, konfrans və sərgilərdə iştirak təmin olunacaq. Layihələrin hazırlanması üçün yeni qruplar hazırlanacaq.

Əqli mülkiyyət şöbəsi – patent və lisenziyalaşdırma, məsləhətləşmələr və qısa müddətli treninqlərlə məşğul olacaq.

Həmçinin İnnovasiyalar  Departamentindəki  İKT, Xarici əlaqələr, Nəşriyyat şöbələri və İnformasiya və kompüter xidməti laboratoriyası funksional təyinatı üzrə universitetdə aparılan elmi araşdırma işlərinə öz töhfəsini verəcəkdir.

Tədbirdə çıxış edən universitetin  prorektoru Pərvin Kərimzadə İnnovasiyalar Departamentinin  fəaliyyətə başlamasını ali təhsil müəssisəsinin inkişafı istiqamətində  böyük  töhvə  olduğunu deyib. Həmçinin Pərvin Kərimzadə bu cür mərkəzlərin fəaliyyəti ilə bağlı dünyanın qabaqcıl universitetlərinin təcrübəsi haqqında məlumat verib.

İnnovasiyalar departamentinin rəhbəri Vasif Həsənov mərkəzin gələcək fəaliyyət istiqamətləri və qarşıya qoyulan əsas vəzifələrdən danışıb.

Sonda İnnovasiyalar Departamentində yaradılan şəraitlə tanışlıq olub.